Lənkəranda yol çöküb

Foto arxiv

İntensiv yağan yağışlardan Lənkəran rayonunda bəzi kəndlərə gedən yolun çökdüyü bildirilir.

«Report»un xəbərinə görə, sürüşmə rayon mərkəzindən 25-30 km aralıda yerləşən kəndlərə gedən, dağlıq relyefdə yerləşən və el arasında Biləsər adlanan yolda baş verib. Təxminən 3 min əhalinin məskunlaşdığı bu ərazidə Daştatük, Biləsər, Alazəpin və Bəlet kəndləri yerləşir.

Xəbərdə qeyd edilir ki, yol 5 yerdə çöküb. Hərəkət məsafəsi 3 metr olan yolun eni bəzi yerlərdə 1, bəzi yerlərdə isə 2 metrə qədər daralıb və nəqliyyatın hərəkətinə ciddi çətinliklər yaranıb.

Son günlər yağan yağışlar Lənkəran-Lerik yolunda da uçqunlara səbəb olub.

Bundan başqa, Muğanlı-İsmayıllı, Quba-Xınalıq, Quba-Qəçrəş yolunda və Ağsu aşırımında da sürüşmə baş verdiyi bildirilir.

Bir neçə gün əvvəl isə 23 yaşayış ərazisini birləşdirən Cəlilabad-Astara-Cəngan yolunun bir hissəsinin çökdüyü bildirilirdi. Ölkə mətbuatının yazdığına görə, həmin yol yaxın illərdə əsaslı təmir edilib. 2003-cü ildən bəri isə o yola üst-üstə 13 milyon manat pul ayrıldığı bildirilirdi.