Atəşkəslə bağlı 27 oktyabr açıqlaması

Qarabağda erməni əsgər

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə, sutka ərzində atəşkəsi ümumilikdə 26 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan, Noyemberyan rayonlarından Qazax rayonunun Bala Cəfərli və Quşçu Ayrım kəndləri atəşə tutulub.

Bundan başqa, Berd rayonundan Tovuz rayonunun Ağbulaq kəndinin vurulduğu açıqlanıb.

Müdafiə Nazirliyi bildirir ki, Krasnoselsk rayonundan da Azərbaycan ordusunun Gədəbəy rayonundakı mövqeləri atəşə tutulub.

Nazirliyin bildirməsinə görə, işğal altında olan Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Göygöl və Goranboy rayonları istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb. Ancaq yenə tərəflər bir-birini atəşkəs pozuntusunda ittiham edir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.