Türkiyə ilə İraq arasında mübahisəyə Obama da qarışıb

B.Obama|R.T.Erdoğan

ABŞ prezidenti Barack Obama Ankara ilə Bağdad arasında mübahisəyə öz münasibətini bildirib. Obama türk həmkarı Erdoğan-ı İŞİD-ə qarşı əməliyyatlar zamanı Vaşinqton və Bağdadla koordinasiyaya çağırıb.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan İraqın Mosul şəhərini İŞİD-dən azad edəcəyinə söz verib. Halbuki İraq hökuməti türk əsgərlərinin onların ərazisində qanunsuz olaraq fəaliyyət göstərdiyini bildirir.

Ağ evdən verilən məlumata görə, dünən, oktyabrın 26-da Obama Erdoğan-a zəng edib. O, Mosul əməliyyatlarının uğurlu olması üçün Ankaranın həm Bağdad, həm də Vaşinqtonla əməkdaşlığının vacibliyini vurğulayıb.

Bundan başqa, Obama Erdoğan-ı İraqla davamlı dialoqa çağıraraq, İŞİD-lə mübarizədə Türkiyənin iştirakının forması və səviyyəsini birlikdə müəyyən etməyin zəruri olduğunu söyləyib.

Ağ ev deyir ki, söhbət zamanı Obama da, Erdoğan da İraqın suverenliyini və ərazi bütövlüyün dəstəklədiklərini bildiriblər.