Britaniyanın yeni baş naziri "Breksit"in pis nəticələrini bilirmiş

Theresa May

Böyük Britaniyanın baş naziri Tereza Mey hələ ölkənin Avropa birliyindən çıxması ilə bağlı referendumadək bankirlərə xəbərdarlıq edibmiş ki, bunun neqativ nəticələri olacaq.

“The Guardian” qəzeti oktyabrın 26-da baş nazirin bankirlərlə söhbətinin audioyazısını yayıb.

Tereza Mey referenduma 1 ay qalmış bankirlər qarşısında çıxış edərkən xəbərdarlıq edib ki, ölkənin Avropa Birliyindən çıxması Britaniya biznesi və ölkənin təhlükəsizliyinə mənfi təsir göstərəcək.

O deyib ki, bir çox şirkətlər kontinental Avropada işləməyə üstünlük verəcək.

Amma Tereza Mer ictimaiyyət qarşısında çıxışlarında “Breksit”i dəstəkləyir və Avropa Birliyindən çıxmağın miqrantların azalmasına səbəb olacağını deyirdi.

Britaniyanın “EY Item Club” adlı analitik mərkəzinin oktyabrın əvvəllərində yaydığı hesabata görə, “Breksit” uzun müddət ölkə iqtisadiyyatını zəiflədəcək.

Mətbuatda da aparıcı Britaniya banklarının ölkəni tərk edəcəyi barədə məlumatlar dolaşır. Özü də bildirilir ki, artıq kiçik banklar buna Milad bayramından əvvəl başlayacaq.

Tereza Mey oktyabrın əvvəllərində bildirdi ki, 2017-ci ilin martında rəsmi şəkildə ölkənin Avropa Birliyindən çıxması prosesinə başlanacaq.

2016-cı il iyunun 23-də keçirilən Referendumda britaniyalıların təxminən 52 faizi ölkənin Avropa Birliyindən çıxmasına səs verib.