'Parabank' fəaliyyətini davam etdirəcək - BOKT kimi

Parabank

Lisenziyası ləğv edilmiş «Parabank» fəaliyyətini davam etdirəcək. Ancaq bank kimi yox, bank olmayan kredit təşkilatı (BOKT) formasında.

Bu haqda Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatında bildirilir.

Məlumata görə, palatanın direktorlar şurası oktyabrın 26-da belə qərar verib.

Direktorlar şurası həmçinin, «Günay Sığorta» ASC və «Qala Sığorta» ASC-yə bir sıra icbari sığorta növləri üzrə fəaliyyətlərin aparılmasına da icazə verib.

Maliyyə Bazarlarına Nəzarət Palatası iyulun 21-də «Parabank»ın lisenziyasını ləğv etmişdi. O zaman Palata lisenziyanın alınmasını bankın aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirməməsi, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmaması ilə əsaslandırmışdı.

Bu il ölkədə ümumilikdə 11 bankın lisenziyası ləğv edilib.