Qırğız hökuməti istefa verdi

Sooronbai Jeenbekov

Qırğızıstanda baş nazir Sooronbai Jeenbekov-un hökuməti istefaya gedib. Bu barədə Qırğızıstan prezidenti Almazbek Atambaev-in ofisindən məlumat veriblər.

İki gün əvvəl Qırğızıstanın parlament koalisiyası dağıldı, prezident Atambaev-in Sosial Demokrat Partiyası (SDP) koalisiyadan çıxdığını elan etdi. SDP-nin koalisiyadan çıxmasına səbəb konstitusiyaya düzəlişlərlə bağlı təkliflərin parlamentdə mübahisə yaratmasıdır. SDP baş nazirin, eləcə də parlamentin səlahiyyətlərinin genişləndirilməsinə qarşı çıxır. Vətəndaş cəmiyyəti fəalları və müxalifətçilər Atambaev-i öz səlahiyyətlərini artırmağa, hakimiyyətini gücləndirməyə çalışmaqda günahlandırırlar.

Qırğızıstanın indiki konstitusiyası 2010-cu ildə, ovaxtkı prezident Kurmanbek Bakiev-in hakimiyyətdən getməsi ilə nəticələnən kütləvi nümayişlərdən sonra qəbul edilib. Maddələrindən birində Konstitusiyaya 2020-ci ilə qədər dəyişiklik etməyin qadağan olunduğu deyilir.