Azərbaycanın məsələsi Astanada

MSŞT-in iclası. Foto arxiv

Oktyabrın 25-i Qazaxıstanın paytaxtı Astanada Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) üzrə beynəlxalq rəhbər komitənin 35-ci iclası başlayıb.

Bu barədə toplantının işinə qatılan iqtisadçı Qubad İbadoğlu məlumat yayıb.
Qubad İbadoğlunun bildirməsinə görə, Neft Fondunun icraçı direktoru, MSŞT üzrə komissiyanın sədri Şahmar Mövsümovun başçılığı ilə Azərbaycandan gələn rəsmi nümayəndə heyəti də iclasa qatılıb. Hazırkı müzakirə Azərbaycana həsr olunub.

Azərbaycan 13 il təşəbbüsə üzv olub. Ancaq 2015-ci ilin aprelində beynəlxalq Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə Azərbaycanın statusu tamhüquqlu üzvlükdən namizədə qədər azaldılıb.

Həmin vaxt bu addım Azərbaycanda koalisiyaya daxil olan QHT-lərə basqılarla izah edilmişdi. Azərbaycana mövcud problemlərin həllindən ötrü vaxt verilmişdi.

Azərbaycanın tamhüquqlu üzvlük məsələsinin diqqət mərkəzində olacağı Astana toplantısından öncə ciddi sayılacaq xəbərdarlıq da bəyan olunmuşdu.

Türkiyənin «Anadolu» agentliyinə danışan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) enerji və təbii sərvətlər direktoru Riccardo Puliti MSŞT-də statusun aşağı salınmasının Azərbaycana yaratdığı mühüm bir təhlükənin anonsunu vermişdi. O qeyd etmişdi ki, Azərbaycana kreditlərin verilməsi bu məsələdən asılıdır. Bir neçə gün öncə isə 20-yə yaxın beynəlxalq təşkilat komitəyə müraciət edərək, Azərbaycanda vətəndaş cəmiyyətinə təzyiqlərin azalmadığını bəyan edirdilər.