Trump inauqurasiyadan əvvəl Putin-lə görüşəcəyini deyir

Donald Trump

Respublikaçıların prezidentliyə namizədi Donald Trump deyib ki, seçilsə, inauqurasiyadan əvvəl Rusiya prezidenti Vladimir Putin-lə görüş məsələsinə baxacaq.

ABŞ-da prezident seçkisi noyabrın 8-də olacaq. İnauqurasiya mərasimi yanvara planlanır.

Trump-ın bu sözləri diqqəti yenə onun Putin-ə münasibətinə çəkib. Seçki kampaniyasına başlayandan Donald Trump Vladimir Putin-ə rəğbətini bildirir. Digər tərəfdən ABŞ rəsmiləri Putin hökumətini Birləşmiş Ştatların seçki sənədlərinə müdaxilə etməkdə, seçkinin nəticələrini dəyişməyə çalışmaqda günahlandırırlar.

Trump həm də heç bir sübut göstərmədən seçki nəticələrinin saxtalaşdırıla biləcəyini deyir.

Onun rəqibi, demokratların namizədi Hillary Clinton isə kampaniyasını genişləndirməkdədir. O, əvvəllər respublikaçıların nüfuz dairəsində olan Arizona, Missuri və İndiana ştatlarında da təbliğata milyonlarla pul xərcləyir. Bu isə ekspertlərin fikrincə, Clinton-un qələbəyə inamının artmasının göstəricisidir.