Manat möhkəmlənməkdə davam edir

Manat

Oktyabrın 13-də Mərkəzi Bankda (MB-də) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. MB-dən verilən məlumata görə, hərrac 1 ABŞ dollarından ötrü 1.5986 ilə başlayıb və 1.5970 məzənnəsi ilə yekunlaşıb.

Oktyabrın 5-dən etibarən Mərkəzi Bank manatın məzənnəsini yeni qaydalarla müəyyən edir. Hərrac iştirakçıları (satıcılar və alıcılar) öz valyuta sifarişlərini hərrac təşkilatçısının elan etdiyi ilkin məzənnə əsasında yerləşdirirlər. Valyutanın məzənnəsi tələb və təkliflərdən asılı olaraq dəyişir.

Hərrac sonuncu sessiya zamanı müəyyən olunmuş məzənnə ilə başa çatır. Hərrac olmayan günlərdə isə növbəti günün məzənnəsi valyuta bazarında kommersiya bankları arasında bağlanmış alqı-satqı əqdləri üzrə formalaşan orta çəki əsasında müəyyənləşir.

Manat sentyabrın əvvəlindən dollara nisbətdə möhkəmlənir. Müstəqil ekspertlər isə deyir ki, Azərbaycanda manatın möhkəmlənməsinin gerçək iqtisadi əsasları yoxdur. Onlar bu prosesin süni aparıldığını düşünürlər.