'Cənub Qaz Dəhlizi'nə maliyyə axtarışı

Qaz kəməri çəkilişi

“Azərbaycanın "Mədən Sənayesində Şəffaflığın Artırılması” (EITI) QHT koalisiyasında tam hüquqlu üzv olmaması “Cənub Qaz Dəhlizi” kimi beynəlxalq enerji layihəsinin maliyyələşdirilməsinə mane olmayacaq”.

Bunu Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bildirib.

Report-un xəbərinə görə, Ş.Mövsümov deyib ki, “əsas məsələ ondadır ki, Azərbaycan üzvlüyünü bərpa etmək üçün çalışır”.

“Burada əsas çətinlik yeni qiymətləndirmə üsulu ilə tələb və standartlara cavab verməkdir. Buna isə heç də bütün ölkələr nail ola bilməyib”, deyən icraçı direktor bu günlərdə ABŞ-da enerji layihələrinin maliyyələşdirilməsi ilə bağlı apardıqları müzakirələr haqda da danışıb.

Buna da bax:​ Neft Fondunun aktivləri artıb, amma...

“Bu yaxınlarda maliyyə naziri ilə Vaşinqtonda görüşlər keçirdik. Beynəlxalq maliyyə qurumları “Cənub Qaz Dəhlizi” layihəsini yüksək qiymətləndirir və vacib hesab edir”, deyən Ş.Mövsümov maliyyələşmə ilə bağlı konkret razılaşmaların olub-olmamasından danışmayıb.

“Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsinə dəstək əldə olunması Azərbaycan hökumətinin əsas gündəm mövzularındandır.

Bir müddət əvvəl Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB ) enerji və təbii sərvətlər direktoru Riccardo Puliti maliyyələşmə ilə bağlı danışmışdı. O, demişdi ki, Azərbaycanın EITI-dəki aşağı salınmış statusu enerji layihələrinin maliyyələşməsinə əngəllər yarada bilər. O, “Astana şəhərində veriləcək qərar AYİB-in TANAP və TAP layihələrinin maliyyələşdirilməsinə 1.5 milyard dollar həcmində krediti ayırıb-ayırmayacağında əsas rol oynayacaq”, - deyə bildirmişdi.

Azərbaycan 13 ildir ki, EITI-yə üzv olub. Ancaq 2015-ci ilin aprelində EITI-də Azərbaycanın statusu tamhüquqlu üzvlükdən namizədə qədər azaldılıb.

Buna da bax:​ Albaniyada TAP-ın tikintisinə başlanıb

Azərbaycanın tamhüquqlu üzvlük məsələsi EITI-nin oktyabrın 25-də keçiriləcək Astana toplantısında müzakirə olunacaq.

TANAP və TAP “Cənub Qaz Dəhlizi” layihəsinin tərkib hissəsidir. Bu layihə Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.

Azərbaycan bu layihə çərçivəsində maliyyə öhdəliklərinin yerinə yetirilməsindən ötrü xarici valyuta axtarır.

Bir müddət öncə ölkə mətbuatı SOCAR prezidentinə istinadən belə məlumat yaymışdı ki, Azərbaycan bu layihə ilə bağlı 7 mlrd. dollarlıq investisiya cəlb etmək niyyətindədir.