Obama cavab hazırlayır

Haker

ABŞ-ın Federal Tədqiqat Bürosu rəsmi e-mail-ləri rusların açıb-açmadığını araşdırır.

ABŞ rəsmilərinin elektron poçtlarının yarılması və bəzi məktubların ictimaiyyətə sızmasıyla bağlı məlumat keçən həftə yayılmışdı. İndi hökumət bunun arxasında rusların dayanıb-dayanmadığını öyrənir.

Bu barədə Demokratların namizədi Hillary Clinton-un təbliğat-təşviqat ofisindən məlumat veriblər. Ofisin rəhbəri John Podesta deyib ki, o, elektron məktublarından bəzilərinin «Wikileaks» tərəfindən nəşr olunduğunu biləndə, Federal Tədqiqat Bürosu ilə əlaqə saxlayıb, məlum olub ki, təşkilat bu məsələylə məşğul olur.

Bir az əvvəl Ağ Ev rəsmi sənədlərə müdaxilənin arxasında rus hakerlərinin dayandığını təsdiqləmiş, prezident Barack Obama-nın bu məsələylə bağlı uyğun cavab verilməsi üçün variantları gözdən keçirdiyini bildirmişdi.

ABŞ rəsmilərinin iddiasına görə, rus hakerlər sənədlərə müdaxilə edərək, ölkədə noyabrın 8-də keçiriləcək prezident seçkisinin nəticələrini dəyişməyə çalışırlar.

Rusiyanın ABŞ-dakı səfiri dünən bəyanat verərək, ölkəsinə qarşı ittihamları rədd edib.