Maşallah Əhmədovun məhkəməsi başladı

Maşallah Əhmədov

Veteran futbolçu Maşallah Əhmədovun məhkəməsi başlayıb. Oktyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində futbolçunun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. CM-nin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunan Maşallah Əhmədovun işinə Mirzə Xankişiyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Maşallah Əhmədov məhkəməsində jurnalistlərin iştirakına etiraz edib. Hakim də bunu əsas gətirərək, media nümayəndələrini zala buraxmayıb. Məhkəmənin hazırlıq iclası, faktiki, qapalı şəraitdə keçirilib.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Maşallah Əhmədovun vəkili məhkəməyə gəlmədiyindən, proses oktyabrın 13-nə qədər təxirə salınıb.

Maşallah Əhmədov 2015-ci il dekabrın 14-də saxlanılıb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində ilkin istintaq müddəti üçün üç aylıq həbs-qətimkan tədbiri seçilib. Sonradan məhkəmə qətimkan tədbirini dəyişib və həbs ev dustaqlığı ilə əvəzlənib.

Cinayət işinin materiallarına görə, «Neftçi»nin keçmiş futbolçusu bizneslə məşğul olub. O, Bakıda bir neçə nəfərə xaricdən 150 min manat dəyərində daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.