Devalvasiyadan sonra psixi pozuntular artıb

Depressiya

Azərbaycanda devalvasiyadan sonra psixi sağlamlıqla bağlı müraciət edənlərin sayı artıb.

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Rüstəm Salayev bildirib.

R.Salayev qeyd edib ki, devalvasiyadan sonra psixoloji müayinədən ötrü mərkəzə baş vuran kişilərin sayında 30-40 faiz artım qeydə alınıb.

O vurğulayıb ki, son zamanlar daha çox gənclər mərkəzə müraciət edir: «Onların həyat tərzi ilə bağlı stress keçirdiklərini güman edirik. Sonuncu iqtisadi böhran vəziyyətindən sonra bu hal daha da artıb. Səbəblər arasında ailə münaqişələri də var».

R.Salayev deyib ki, ay ərzində mərkəzə 1000-ə yaxın təkrar müraciətlər olur.

Ötən il Azərbaycanda iki devalvasiya baş verib. Nəticədə manat dollara nisbətən iki dəfə dəyər itirib.