Zakir Qaralov Əli İnsanova açılan cinayət işindən danışıb

Zakir Qaralov

Türkiyə hüquq-mühafizə orqanlarının müraciəti əsasında Azərbaycan Baş Prokurorluğunda ABŞ-da yaşayan və Ankara tərəfindən dövlət çevrilişinə cəhddə ittiham olunan ilahiyyatçı Fethullah Gülen hərəkatının fəaliyyəti ilə bağlı araşdırma davam edir.

Bunu oktyabrın 1-də jurnalistlərə baş prokuror Zakir Qaralov deyib.

Onun sözlərinə görə, bu yaxınlarda Baş Prokurorluğun Kriminalistika şöbəsinin rəisi Türkiyədə olub. Bu istiqamətdə iş sıx qarşılıqlı əlaqə şəraitində davam etdirilir.

Keçmiş səhiyyə naziri Əli İnsanova qarşı yeni ittihamlarla cinayət işi başlamasını şərh edən Z.Qaralov bildirib ki, «Əli İnsanov cinayət törədib, cinayət işi başlayıbsa, bunun üçün əsas olub».

Z.Qaralov deyib ki, Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşları barəsində istintaq hərəkətləri də davam etdirilir. İstintaq ümumilikdə 280 epizod üzrə aparılır. İşlərdən biri artıq məhkəməyə göndərilib.

MTN-in bir sıra ağır cinayətlərin törədilməsində ittiham olunan generallarından biri Akif Çovdarov artıq məhkəmə qarşısına çıxarılıb.