UEFA prezidenti: 'Azərbaycanın da şansı var'

Aleksander Ceferin

«AVRO-2020-nin oyunları Bakıda da keçiriləcək. Azərbaycan da final mərhələsinə vəsiqə qazansa, yaxşı olar».

«Report»un xəbərinə görə, bunu Bakıda səfərdə olan UEFA-nın yeni prezidenti Aleksander Čeferin keçirdiyi brifinqdə deyib.

O, AVRO-2020-nin hazırlanan loqosunu çox bəyəndiyini bildirib: «Loqonun arxasındakı ideya millətləri birləşdirir».

A.Čeferin Bakının futbol infrastrukturu barədə də fikirlərini bildirib: «24 saatdan azdır ki, Bakıdayam. Bakı Olimpiya Stadionunu kənardan görmüşəm. Çox gözəl stadiondur. Dünən «Qəbələ» - «Mainz» görüşünü izlədim. Həmin arena da gözəldir».

UEFA prezidenti Avropa kuboklarının final matçının Bakıda keçirilmə ehtimalından da danışıb. O bildirib ki, bundan ötrü yerli assosiasiyadan müraciət olmalıdır: «Ən yaxşı təkliflər qəbul edilir. Bu məsələ UEFA tərəfindən geniş müzakirə olunur. Düşünürəm ki, Azərbaycanın da şansı var».

İLHAM ƏLİYEV UEFA PREZİDENTİNİ QƏBUL EDİB

Azərbaycan dövlət başçısı İlham Əliyev sentyabrın 30-da UEFA prezidenti Aleksander Ceferin-i qəbul edib.

Prezidentin mətbuat xidmətinin yaydığı xəbərdə görüşün detalları haqqında, hələlik, bilgi verilmir.

Aleksander Ceferin sentyabrın 29-da Azərbaycana gəlib.

Verilən xəbərlərə görə, bu səfər Avro-2020-nin dörd oyununa ev sahibliyi edəcək Bakıda yeni loqonun təqdimat mərasimində iştirak məqsədi daşıyır.

Qitə futbol qurumunun rəsmisini Azərbaycan paytaxtına AFFA-nın prezidenti Rövnəq Abdullayev dəvət edib. Mərasim sentyabrın 30-da Bakı Olimpiya Stadionunda keçirilməlidir.

Aleksander Ceferin bu il sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada keçirilmiş növbədənkənar konqresdə UEFA-nın prezidenti seçilib.

2020-ci il futbol üzrə Avropa Çempionatının oyunları 13 müxtəlif şəhərlərdə keçiriləcək. Həmin şəhərlərdən biri də Bakıdır.