Azərbaycan güləşçisi İraqda öldürülüb

Çamsulvara Çamsulvarayev

Azərbaycan millisinin sabiq güləşçisi Çamsulvara Çamsulvarayev İraqda öldürülüb.

Xəbəri APA yayıb.

Məlumatda deyilir ki, «İslam Dövləti» (İŞİD) qruplaşmanın tərkibində «Əl Bara» ləqəbi ilə döyüşən idmançı Mosul şəhərində Dağıstandan olan digər dindar, «Əbu Zeyd» kimi tanınan Məhəmməd Əhmədovla birgə qətlə yetirilib.

İŞİD-ə qoşulan Əhmədovun ölüm xəbərini öz qohumları sentyabrın 22-də yayıblar. O, pilotsuz qurğu ilə zərbədən sonra dünyasını dəyişib. Həmin vaxt «Əbu Zeyd»lə birgə avtomobildə daha 5 nəfər olub. Onlardan da biri «Əl Bara» imiş. Çamsulvarayevin ölümünü Britaniyanın IHS Analitik Mərkəzi də təsdiqləyib.

32 yaşlı Çamsulvarayev Azərbaycan yığmasının heyətində 74 kq çəki dərəcəsində dünya çempionatının gümüş (2009), bürünc (2007) medallarını qazanıb. Həmçinin, 2009-cü ildə Avropa çempionu tituluna yiyələnib. Çamsulvara Çamsulvarayevin aktivində qitə çempionatının 3 bürünc (2007, 2008, 2010) mükafatı da var.