Sərnişin daşınmasını həyata keçirən avtomobillərin (avtobuslar) sürücülərinə sərt tələblər gəlir. Ölkə parlamenti “Yol Hərəkəti haqqında” qanuna bununla bağlı dəyişikliklər etməyə hazırlaşır.
Bu haqda deputat Vüsal Hüseynov Trend-ə açıqlamasında bildirib.
Dəyişiklik təklifində “D” kateqoriyalı nəqliyyat vasitələrini idarə etməkdən ötrü yaş həddi 21-dən 23-ə, “DE” kateqoriyasında isə 24-dən 26-ya qaldırılır. Bu kateqoriyalarda olan nəqliyyat vasitələrini idarə etməkdən ötrü maksimum yaş həddi 65 müəyyən edilir.
“D” kateqoriyasına sərnişin daşınmasında nəzərdə tutulan və sürücüdən əlavə oturacaq yerlərinin sayı 8-dən artıq quraşdırılan, qoşqusunun maksimum kütləsi 750 kq-dan çox olmayan avtomobillər daxildir.
“DE” kateqoriyasına isə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq avtomobillər aid edilir.