Şimali Koreya Seulu dağıtmaqla hədələyir

Şimali Koreyanın raket sınağı

Koreyanın Mərkəzi Teleqraf Agentliyinin yaydığı məlumata görə, hökumət Seulu və Amerikanın Quam bazasını nüvə silahıyla vurmaqla hədələyir. Şimali Koreyanın baş qərargah rəsmisi bildirib ki, Birləşmiş Ştatların, eləcə də Cənubi Koreyanın təxribatları onları nüvə silahına əl atmağa vadar edir. «Cəza olaraq Koreya Xalq Ordusunun nüvə başlıqları Seulu külə döndərə bilər».

Şimali Koreya hərbçiləri həmçinin, gərginlik artsa və Amerika bombardmançıları Koreya səmalarında görünsə, Birləşmiş Ştatların Quam bazasını Yer üzündən siləcəklərini deyiblər.

Sentyabrın 9-da Şimali Koreya nüvə başlıqlarına malik olduğunu, daha bir nüvə silahını uğurla sınaqdan keçirdiyini elan edib. Bu sınaqların tarixdə görünməmiş güclü sınaqlar olduğunu bildirirlər.