Faiq Əmirlinin apelyasiya şikayətinə baxılacaq

Faiq Əmirli

"Azadlıq" qəzetinin yayım direktoru, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi Faiq Əmirlinin apelyasiya şikayətinə baxılacağı tarix bəlli olub. Bu barədə AzadlıqRadiosu-na onun vəkili Aqil Layıcov məlumat verib.

Vəkil bildirib ki, F. Əmirli barəsində həbs-qətimkan tədbiri seçilməsinə dair qərardan verilmiş şikayətə sentyabrın 2-də Bakı Apelyasiya Məhkəməsində Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası baxacaq.

F. Əmirli avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.

Buna da bax: Faiq Əmirli maşınından çıxan kitabların ona aid olmadığını deyir [video]

F. Əmirli CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının "Hizmet" Hərəkatının imamı kimi təqdim edir.

AXCP isə F. Əmirlinin həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün iyulun 15-də Türkiyədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

Buna da bax: Əli Kərimli ona qarşı «Gülençi» ittihamları barədə