Hesablama Palatası məktəb tikintisində pozuntu tapıb

İllüstrasiya

►Vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilib

“Biləsuvar rayon İcra Hakimiyyəti məktəblərin tikintisi üçün layihə smeta sənədlərinin tərtibində qaydalara əməl etməyib. Tikinti zamanı bəzi vahid normalar pozulub. Dövlət ekspertiza rəylərində göstərilən iradlar aradan qaldırılmayıb”.

Hesablama Palatasının Biləsuvar rayon İcra Hakimiyyətinə ayrılmış büdcə vəsaitlərinin istifadəsi ilə bağlı keçirdiyi auditin nəticələrində belə deyilir. Audit 2013-2015-cı illəri əhatə edib.

Palatanın bu gün, avqustun 30-da yaydığı məlumatda bildirilir ki, tikintisi başa çatdırılmış məktəb binalarının istismara verilməsi proseduru zamanı da ciddi pozuntulara yol verilib.

“Bir sıra hallarda sonradan üstü örtülən işlərin və məsul konstruksiyalarının qəbulu, su, istilik, qaz təchizatı, kanalizasiya sistemlərinin sınaqları barədə müvafiq aktlar tərtib edilməyib. Yerinə yetirilməyən bəzi tikinti-quraşdırma işləri qəbul aktlarına daxil edilib. Podratçı təşkilatın mebel və inventarları məktəblərə təhvil verilməsi tam təmin olunmayıb”, deyə məlumatda bildirilir.

Palatanın kollegiyası nöqsanların qısa müddət ərzində ləğv edilməsi, nöqsanlara yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib.

Hesablama Palatası büdcə vəsaitlərindən istifadənin auditini aparır. Auditlərin nəticələri barədə ictimaiyyətə müntəzəm bilgi verilir.

Palata bundan əvvəl sonuncu dəfə Salyan rayon İcra Hakimiyyətində büdcə vəsaitlərinin xərclənməsində nöqsanlara yol verilməsi barədə bilgi yaymışdı.

Palatanın həmin bilgisində habelə Şirvan rayon İcra Hakimiyyətində, İmişli, Lənkəran təhsil şöbələrində, Cəlilabad Mərkəzi Xəstəxanasında da nöqsanların olduğu deyilirdi.

Hesablama Palatası bir qədər əvvəl isə AZAL-da, «Su və Meliorasiya» ASC-də, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsində, Fizika İnstitutunda və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentində də pozuntular aşkarlandığını açıqlamışdı.

Sözügedən qurumlar Hesablama Palatasının hesabatları ilə bağlı, hələlik, etiraz bildirməyiblər.