İstanbulda biznes obyektlərində reyd keçirilib

Çevriliş cəhdindən sonra Ankarada nümayiş, 18 iyul, 2016-cı il

-

Türkiyə polisi ötən aykı çevriliş cəhdindən sonra reydləri, həbsləri davam etdirir. Avqustun 18-də səhər tezdən İstanbulda təhlükəsizlik qüvvələri 100-dən çox məkanda reyd keçirib, açıqlanmayan sayda saxlanan var.

Prokurorlar 187 nəfərin həbsinə order verib. Onlar əsasən biznes və maliyyə sektorunda çalışır, ABŞ-da yaşayan Fethullah Gulen-i maliyyələşdirməkdə ittiham olunurlar.

Türkiyə hakimiyyəti Gulen-i 15 iyul çevriliş cəhdinin arxasında durmaqda suçlayır, Gulen bunu təkzib edir.

15 iyul hadisələrində 240-dan çox adam həlak olub.

Baş nazir Binali Yildrim avqustun 17-də bildirib ki, təhqiqatla əlaqədar 40 min 29 nəfər saxlanıb, onların təxminən yarısı həbs olunub.

Onun sözlərimə görə, Gulen-lə əlaqəsi olmaqda şübhəli bilinən 4 min 200 şirkət və müəssisə bağlanıb. 80 min nəfər dövlət vəzifəsindən kənarlaşdırılıb ki, onlar əsasən hərbi, ədliyyə, polis və dövlət qulluğunda çalışırdılar.

Avqustun 17-də hakimiyyət elan edib ki, 38 min məhbus azad olunacaq. Bu, “nəzarət altında azadlıq” proqramı çərçivəsində həyata keçiriləcək və məqsəd çevriliş cəhdindən sonrakı kütləvi həbslərin həbsxanalardan yaratdığı sıxlığı azaltmaqdır.