Fransada keşiş yaraqlılar tərəfindən öldürülüb

Hadisə yeri

-

İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına sadiq olduqlarını deyən iki nəfər Fransanın Normandiya regionunda roman katolik kilsəsinə hücum edərək bir keşişi bıçaqla öldürüblər. Hadisə iyulun 26-da səhər tezdən baş verib.

Daxili İşlər Nazirliyinin sözçüsü Pierre-Henry Brandet deyib ki, hücum edənlər kilsədən çıxan kimi polis onları güllələyib.

Onlardan biri, 19 yaşlı Adel Kermiche Fransa vətəndaşıdır, ötən il iki dəfə Suriyaya İŞİD-ə qoşulmaqdan ötrü getməyə cəhd etdiyindən elektron nəzarətdə və ev dustaqlığında imiş.

İkinci hücum edənin adı açıqlanmır, 16 yaşlı əlcəzairli olduğu bildirilir.

Fransa mediası yazır ki, 85 yaşlı keşiş Jacques Hamel-in boğazını kəsiblər.

İki rahibə və bəzi dindarların da girov götürüldüyü bildirilir. Daxili İşlər Nazirliyi bir girovun yaralandığını, durumunun ağır olduğunu deyib.

Fransa Prezidenti Francois Hollande, Vatikan qətli pisləyib, bunu “barbar hücumu” adlandırıb.

İŞİD məsuliyyəti üzərinə götürüb, qətli törədənlərin öz “əsgərləri” olduğunu bildirib.