Ermənistan polisi nümayişin başqa yerə keçirilməsini tələb edir

Ermənistanda etiraz aksiyası

Ermənistan polisi zəbt edilmiş polis binasının ətrafından nümayişin başqa yerə keçirilməsini tələb edir.

Qeyd edək ki, bir qrup silahlı iyulun 17-dən Erebunidəki polis binasını zəbt ediblər.

Həmin gündən bu yana binanın ətrafında etiraz aksiyaları keçirilir.

Polislə aksiyaçılar arasında baş verən toqquşmalarda 50-ə yaxın adam xəsarət alıb.

Polisin məlumatına görə, aksiyaçılar polis səddini yarmaq üçün yandırıcı butulkalardan (Molotov kokteli) istifadə etməyi planlaşdırırlar.

Polis binasını ələ keçirən silahlı qrup iyulun 25-də polis avtobusunu yandırıblar.

Onlar prezident Serzh Sarkisianın istefası və “Təsis parlamenti” hərəkatının lideri Jirayr Sefilyanın azad olunmasını tələb edirlər.

Yaraqlılar binanı zəbt edərkən 1 polis əməkdaşı ölüb, 3-ü isə yaralanıb.

Sonradan onlar bütün girovları azad ediblər.