'Dövlət büdcəsini doldurmaq ciddi problemə çevrilir'

Nemət Əliyev

-

2016-cı ilin birinci yarısında Azərbaycanın dövlət büdcəsinin kəsiri ümumi daxili məhsulun 2,5 faizi həcmində olub.

Bu haqda Maliyyə Nazirliyinin Dövlət Statistika Komitəsi vasitəsilə yaydığı operativ məlumatda bildirilir.

Məlumatda bildirilir ki, bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri 6 milyard 133,8 milyon manat, xərcləri 6 milyard 821,5 milyon manat olub.

Xərclər gəlirlərdən 11,2 faiz çoxdur.

2016-cı ilin 5 ayında dövlət büdcəsinin gəlirləri 5,4 milyard manat və ya ötən ilin eyni dövründəkindən 15 faiz az olub. Bu dövrdə xərclər 27,5 faiz (2 milayrd 15 milyon manat) azalıb.

Hesabata görə, səhiyyə (-35,8 milyon manat), dövlət investisiyaları (-2 milyard 885,2 milyon manat) və s. maliyyələşməsi azalıb.

Əsasən «Formula-1» yarışının maliyyələşməsi hesabına idman, mədəniyyət və incəsənət xərcləri 3,6 dəfə artıb - 344,6 mln manat.

Iqtisadçı ekspertlərə görə, büdcə kəsiri dövlət büdcəsində çox ciddi problemlərin olmasının göstəricisidir.

İqtisadçı Nemət Əliyev deyir ki, xərclərin kəskin şəkildə aşağı düşməsinin əsas səbəbi büdcə gəlirlərinin, büdcə daxilolmalarının miqyasının getdikcə kiçilməsi ilə bağlıdır.

"Fəsadlar daha böyük olacaq"

“Vəsait əldə etmək imkanları getdikcə məhdudlaşır. Nəticədə dövlət büdcə öhdəliklərinin yerinə yetirilməsində problem yaşanır. Belə aydın olur ki, təxminən 25-30 faiz arasında xərclər kəsirlə yerinə yetirilib. Təxminən elə 30 faizə qədər də büdcə gəlirlərində kəsir əmələ gəlib. Təsəvvür edin ki, belə bir vəziyyət manat iki dəfə ucuzlaşandan sonra əmələ gəlib. Hökumət büdcə qarşısında manatla olan öhdəlikləri yerinə yetirmək istiqamətində ciddi problemlərlə üzləşib”, iqtisadçı deyir.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

N.Əliyevə görə, büdcə qarşısında öhdəliklərin yerinə yetirilməməsinin fəsadları daha böyük olacaq.

“Ötən ilin büdcə xərcləri 21 milyard həcmində idi, bu il 18.5 milyarda qədər azaldılıb. Bu qədər azalmadan sonra yerdə qalan büdcənin özünün icra olunmasında ciddi problemin ortaya çıxması yaxın perspektiv üçün çox böyük fəsadlar vəd edir. Indi ən azı bəllidir ki, səhiyyə, təhsil, sosial müdafiə, sosial təminat xərcləri üzrə əməlli-başlı problem yaşanır. Ən böyük problem iqtisadiyyatın maliyyələşməsi üzrə yaranıb”.

N.Əliyevin fikrincə, “görəcək günlər hələ qabaqdadır”.

Iqtisadi fəallıq bundan sonrakı dövrdə daha da zəifləyəcək. Bu isə o deməkdir ki, iqtisadiyyatdan dövlət büdcəsinə ödəmələrdə də ciddi problem yaranacaq. Hökumət büdcənin icrasında bu problemləri nəzərə almalıdır” – deyən ekspert çıxış yolunu hökumətin real addımlar atmasında görür.

“Hökumət konkret əməli işə keçilməlidir. Imitasiya xarakterli, cəmiyyətin fikrini yayındıran əməllərdən əl götürmək lazımdır”, N.Əliyev vurğulayır.