'Həmin torpaqları başqa orqanlar verib'

►Kənd təsərrüfatı naziri məmurların zəbt etdiyi torpaq sahələrindən danışıb

“Ola bilsin ki, həmin torpaqları başqa orqanlar verib. O torpaqlar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilməyib”.

Kənd təsərrüfatı naziri Heydər Əsədov prezident İlham Əliyevin məmurların torpaq sahələrini ələ keçirməsi ilə bağlı çıxışı haqda danışarkən modern.az-a belə deyib.

“Biz sadəcə istifadə olunmayan torpaqların mövcudluğu haqqında arayış vermişdik”, - deyən ƏsədovKənd Təsərrüfatı Nazirliyi tərəfindən torpaqlardan istifadə ilə bağlı hazırlanmış mexanizm əsasında Vergi Məcəlləsinə dəyişikliklər edildiyini söyləyib.

“Həmin dəyişikliklərə əsasən, istifadə olunmayan torpaqlara görə vergi ödəniləcək. Hətta onun şkalası da müəyyən olunub. İndi isə hansı torpaqların istifadə olunmamasının meyarları müəyyən ediləcək. Qərar layihəsini hazırlamışıq, 1 həftə ərzində Nazirlər Kabinetinə təqdim olunacaq. Layihədə hansı torpaqların təyinatı üzrə istifadə edilməyən torpaqlar hesab olunması öz əksini tapıb. Kriteriyalar müəyyən olunduqdan sonra təyinatı üzrə istifadə olunmayan torpaqlardan ona uyğun vergi alınacaq”, - nazir bildirib.

Prezident İlham Əliyev 2016-cı ilin birinci yarısının yekunları ilə bağlı toplantıda bəzi hallarda torpaq sahələrinin zəbt edilməsindən danışmışdı.

Prezident demişdi ki, minlərlə torpaq sahələri hasarlanıb və orada heç bir fəaliyyət göstərilmir. Dövlət başçısı torpaq sahibləri arasında məmurların adları olduğunu bildirib. “Torpaqlardan səmərəli şəkildə istifadə edilməlidir. Əgər səmərəli şəkildə istifadə edilmirsə, həmin torpaqlar sahibkarlardan və yaxud da digər şəxslərdən alınmalıdır və o insanlara verilməlidir ki, onlar əkib-becərsinlər”.