Clinton-a ittiham irəli sürülməyəcək

Barack Obama və Hillary Clinton Şimali Karolinada

-

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FBI) deyir ki, Hillary Clinton dövlət katibi olarkən şəxsi elektron poçtundan istifadə etdiyinə görə ona ittiham irəli sürülməsini tövsiyə etmir.

“Bu halda heç bir ittiham məqsədəuyğun deyil”, FBI-nin direktoru James Comey iyulun 5-də deyib. Amma onu da vurğulayıb ki, demokratlardan prezidentliyə namizəd olacaq Clinton məxfi informasiyayla “son dərəcə ehtiyatsız” davranıb.

Ötən həftəsonu FBI agentləri tərəfindən dindirilən Clinton vəzifədə olduğu müddətdə şəxsi yazışmalarında məxfi informasiyadan istifadə etmədiyini söyləyib.

Amma Comey bir ildir davam edən təhqiqatın nəticələrini elan edib, bildirib ki, FBI məxfi informasiyanın olduğu azı 110 elektron məktub tapıb.

Bu məsələ prezident kampaniyasında bir məsələyə çevrilib. Respublikaçılar Clinton-un mühakimə qabiliyyətinə dair suallar qaldırıblar.

Clinton-un kampaniyası “məsələnin həllini tapmasından şad olduğunu” bildirib. Respublikaçılardan prezidentliyə namizəd olacaq Donald Trump isə FBI-nin qərarını “çox ədalətsiz” adlandırıb.

Şimali Karolinada çıxış edən Prezident Barack Obama deyib ki, prezidentliyə Clinton-dan “daha uyğun kişi və ya qadın heç vaxt olmayıb”.