AZTV-nin İdarə Heyətinin səlahiyyətləri azaldılıb

AzTV (website screenshot)

«Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-nin İdarə Heyətinin səlahiyyətləri azaldılıb.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-nin Nizamnaməsi»ndə dəyişikliklər edilməsi haqqında qərarında əks edilib.

İndiyə qədər İdarə Heyətinin hüquqi şəxslər, filiallar və nümayəndəliklər təsis etmək, onların vəzifəli şəxslərini təyin etmək səlahiyyətləri olub. Dəyişikliyə əsasən, bu sahələrdə İdarə Heyətinin müstəqil qərar qəbul etmək hüququ ləğv olunub. Bundan sonra, İdarə Heyəti yalnız Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı ilə Cəmiyyətin idarə, nümayəndəlik və filiallarını yaratmaq, ləğv etmək səlahiyyətinə malikdir. Habelə, törəmə müəssisələrini (cəmiyyətlərini) yaratmaq, yenidən təşkil və ya ləğv etmək səlahiyyəti var. İdarə Heyəti Cəmiyyətin törəmə müəssisələrinin (cəmiyyətlərinin) rəhbərlərini isə Nazirlər Kabinetinin razılığı ilə vəzifəyə təyin və ya vəzifədən azad edə biləcək.

Bundan sonra, İdarə Heyəti Cəmiyyətin inkişaf strategiyası, illik hesabatlar, mənfəət, zərər hesablarının təsdiqi və nizamnamə kapitalında dəyişikliklər edilməsindən ötrü Nazirlər Kabinetinə təkliflər verməlidir. Cəmiyyətin yenidən təşkili və ya ləğv edilməsi barədə qərarları Azərbaycan prezidenti qəbul ediləcək.

Nizamnaməyə əsasən, İdarə Heyətinin tərkibi yeddi nəfərdən ibarətdir. QSC-nin sədri və onun müavinləri tutduqları vəzifəyə görə, İdarə Heyətinin üzvləri hesab edilirlər. İdarə Heyətinin sədri onun işinə rəhbərlik edir. İdarə Heyətinin sədri və müavinlərini vəzifəyə ölkə prezidenti təyin edir.