Nazir: Azərbaycan bu keçidə hazır deyil

İllüstrasiya

-

“Azərbaycan, hələ, rəqəmsal yayıma tam keçidə hazır deyil”.

Turan xəbər verir ki, bu gün bu haqda rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə deyib.

Nazir müavini bildirib ki, əhalinin çoxu rəqəmsal yayım siqnalı ilə təmin edilib. Qalan insanlardan ötrü bir sıra texniki və təşkilati işlər həll edilməlidir.

“Əsas vəzifələrdən biri analoq yayımın dayandırılmasıdır. Amma rəqəmsal yayım, hələ, hamı üçün əlçatan deyil. Əhaliyə 12 kanaldan ibarət paket əlçatandır, rəqəmsal yayım isə MPEG-4 formatında həyata keçirilir”.

Nazir müavininin sözlərinə görə, analoq yayımın dayandırılmasına iri yaşayış məntəqəsindən başlanılacaq. Rəqəmsal yayıma keçiddən ötrü isə 40-50 manata dekoder almaq lazım gələcək.

E.Vəlizadə internetə çıxışın keyfiyyətindən də danışıb. Onun sözlərinə görə, internetə çıxışın keyfiyyətinə, məlumatların ötürülməsinin sürətinə abonentin telefon xəttinin nasazlığı, kompüterin virusa yoluxması və başqa aspektlər təsir edə bilər.

"Buna görə də günahı yalnız internet provayderlərin üzərinə atmaq düzgün deyil", nazir müavini bildirib.

Rəsmi bilgilərə görə, ölkədə internetə çıxış səviyyəsi 75, genişzolaqlı internetə çıxışsa cəmi 65 faizdir.