Suriya danışıqları: zaman gedir

Staffan de Mistura

-

BMT-nin Suriya üzrə elçisi deyir ki, Suriya sülh danışıqlarının növbəti raundunun nə vaxt keçiriləcəyi bəlli deyil və zaman gedir.

Hökumətlə müxalifət arasında danışıqların son raundu apreldə dayanıb. Belə ki, Rusiyanın dəstəklədiyi hökumət qüvvələri üsyançıların əlində olan Hələbə hücumu gücləndirib.

“İyulda danışıqların başlanmasını istərdim, amma bunu nəyin bahasına olursa-olsun, hansısa təminat olmadan etmək mümkün olmayacaq”, Staffan de Mistura BMT Təhlükəsizlik Şurasının iclasından sonra jurnalistlərə deyib.

“Konfrans keçirəndə əmin olmaq istəyirsən ki, uğurlu olacaq”, o deyib.

Mistura-nın fikrincə, həllin tapılması zamanı da bitə bilər, çünki danışıqların iki güclü tərəfdarı – ABŞ Prezidenti Barack Obama və BMT-nin Baş katibi Ban Ki-moon-un səlahiyyət müddətləri bitir.