ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Victoria Nuland Moskvada səfərdədir. O Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladislav Surkovla görüşəcək.
Görüşdə əsasən Ukrayna münaqişəsi müzakirə olunacaq.
Bu barədə ABŞ-ın Rusiyadakı səfiri Will Stevens məlumat verib.
2014-cü ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 9 mindən çox adam ölüb.
Qərb Rusiyanı separatçıların tərəfini saxlamaqda günahlandırır.
Moskva ittihamı rədd edir.
ABŞ və Avropa Birliyi 2014-cü ildə Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə, Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.
Həmçinin Rusiya buna cavab olaraq bir sıra Avropa Birliyi ölkələrindən meyvə-tərəvəz və ərzaq idxalına embarqo qoyub.