Tədiyyə balansında rekord defisit

Rövşən Ağayev

-

2016-cı ilin ilk rübündə ölkədə cari hesablar balansında son 10 ildə qeydə alınmayan ən böyük məbləğdə - 432,1 milyon dollar defisit qeydə alınıb. Defisit çıxarın gəlirdən çox olmasıdır.

Bu haqda Mərkəzi Bankın yeni açıqlanan tədiyyə balansı ilə bağlı məlumatlarında bildirilir.

2015-ci ilin ilk rübündə cari hesablar balansında 57,8, 2014-cü ilin yanvar-mart aylarında isə 3,3 milyard dollar profisit (vəsaitin artıq qalması) yaranmışdı.

Yaranmış durumu şərh edən iqtisadçı ekspert Rövşən Ağayevin fikrincə, tədiyyə balansının təhlili göstərir ki, hamı - istər ev təsərrüfatları, istərsə də biznes və hökumət sektoru qənaət rejiminə keçib.

Turizmə xərclənən vəsaitlər - azalma var

Ekspert özünün facebook səhifəsində yazır ki, ev təsərrüfatlarının qənaəti özünü xaricdə turizmə xərclənən pulda göstərir.

“Bu ilin 3 ayında xarici turizm xidmətlərinə 530 milyon dollar xərclənib. Halbuki, 2014-cü ilin eyni dövründə bu məbləğ 814 milyon , 2015-ci ildə isə 626 milyon dollar olmuşdu”.

Hökumətin xidmət xərcləri - orda da azalma

Biznes və hökumət sektorunun qənaət rejiminə keçməsini əsaslandıran ekspert vurğulayır ki, xarici ölkələrin göstərdiyi müxtəlif işgüzar xidmətlərə görə, ödənişlər də kəskin azalıb.

“2016-cı ildə həmin xidmətlərə 200 milyon dollar xərclənib. Amma 2014-də 635 milyon , 2015-də isə 331 milyon dollar xərclənmişdi ”, R.Ağayev yazır.

Xaricdən göndərilən pullar da azalıb

Ekspert bildirir ki, xaricdə yaşayan şəxslərin ailələrinə göndərdiyi pullar (remitanslar) da xeyli azalıb. Bu ilin ilk 3 ayında bu xətlə ölkəyə 179 milyon dollar daxil olub. Halbuki, əvvəlki 2 ilin eyni dövründə həmin məbləğ 310-360 milyon dollar intervalında olmuşdu.

R.Ağayev neftin qiymətinin azalmasından bütün kəsimlərin təsirləndiyini ifadə edir.

“Azərbaycan hökuməti ilə yanaşı, burdakı xarici neft şirkətlərinin mənfəəti də kəskin azalıb. 2016-cı ilin 3 ayında beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin ölkədən çıxarılan həcmi (repatriasiyası) cəmi 313 milyon dollar olub. 2014-cü ildə bu rəqəm 815 milyon dollar olmuşdu”.