Amnesty Formula 1-ə çağırış etdi

Bakı bulvarı Formula 1-ə hazırlaşır

-

“Formula 1 nüfuzundan istifadə edib Azərbaycan hakimiyyətini insan haqları pozuntularına son qoymağa çağırmalıdır”. Bu çağırışla Amnesty International beynəlxalq insan haqları təşkilatı çıxış edib. Sabah Bakı Qran Prisi başlanır.

Qurum bildirir ki, bu yarışmanın keçirildiyi bir vaxtda hökumət tənqidçiləri, jurnalistlər, hüquqşünaslar, müxalifətçilər və gənc fəallar repressiyaya məruz qalır, saxta ittihamlarla həbsə atılır. Amnesty bu halların bəzilərini bir daha dərc edib.

“Neft gəlirlərinin azalması və beynəlxalq təzyiqlə üzləşən hakimiyyət bu ilin əvvəlindən onlarla məhbusu azad edib. Buraxılanlar arasında səkkiz vicdan məhbusu, o cümlədən, araşdırmaçı jurnalist Xədicə İsmayılova da var”.

Amma qurum bildirir ki, bu əfvlər Azərbaycan insan haqları problemini həll edə bilməyib. Buraxılanların bəziləri yenidən həbs olunmaq riskilə üz-üzədir. Şərti cəzayla buraxılanlar isə fəaliyyətlərini davam etdirə bilmirlər.

Amnesty International Azərbaycanda hazırda 14 vicdan məhbusunun olduğunu bildirir.