NATO-nun baş katibi Jens Stoltenberq Rusiyadan Ukraynanın şərqindəki hərbi avadanlıqlarının çıxarılmasını və separatçılara dəstəyi dayandırmağı tələb edib.
O belə bir bəyanatla iyunun 15-də NATO müdafiə nazirlərinin Brüssel görüşündən sonra çıxış edib.
Görüşdə Ukraynanın müdafiə naziri Stepan Poltorak da iştirak edib.
Stoltenberg qeyd edib ki, NATO Rusiyanın 2014-cü ildə Krımı ilhaq eləməsini heç vaxt tanımayacaq və onun hərbi müdaxiləsinə cavab olaraq Ukrayna hökumətinə dəstəyi davam etdirəcək.
O bildirib ki, Ukraynanın şərqindəki münaqişə yalnız Minsk razılaşması çərçivəsində həll oluna bilər.
2014-cü ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 9 mindən çox adam ölüb.
Qərb Rusiyanı separatçıları dəstəkləməkdə günahlandırır, Moskva ittihamı rədd edir.