-
Azərbaycanda milli azadlıq hərəkatının öncüllərindən sayılan Məhəmməd Hatəmi Tantəkin bu gecə 81 yaşında vəfat edib.
Bu barədə Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı məlumat yayıb.
O, iyunun 10-da səhhəti kəskin pisləşdiyindən Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi. Məhəmməd Hatəmi bu gün dəfn ediləcək.
Məhəmməd Hatəmi Tantəkin milli-azadlıq mübarizəsinin ilk təşkilatlarından «Çənlibel» cəmiyyətinin qurucuları sırasında yer alıb. 1988-ci il noyabrın 17-də keçmiş «Lenin», indiki «Azadlıq» meydanında başlanan ümumxalq mitinqlərinin təşkilatçılarından biri olub. 1988-ci il dekabrın 4-də sovet qoşunları meydanı dağıdandan sonra həbs edilib.
M.Hatəmi 90-cı illərdə Milli Qurtuluş Partiyasını təsis etdi. Qarabağ cəbhəsində «Milli Qurtuluş» batalyonunda döyüşlərdə olub.
1993-cü ildə hakimiyyət dəyişikliyindən sonra M.Hatəmi yenə də köhnə iş yerinə, Milli Elmlər Akademiyasına qayıdaraq, folklorşünas kimi elmi işlərini davam etdirib.
O, son illər ictimaiyyət arasında görünmürdü.