"Dünya Ədəbiyyatı"nın "İran" sayı çıxdı

"Dünya ədəbiyyatı" jurnalının İran ədəbiyyatına həsr olunan sayı

-

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” jurnalının yeni sayı "İran" adlı sayı XX əsrin 40-cı illərindən bəri yaranmış İran ədəbiyyatı nümunələri yer alıb.

Dərginin baş redaktoru Seyfəddin Hüseynli deyib ki, dərginin 2016-cı ildəki ilk sayın bütövlükdə yeni dövr İran ədəbiyyatına həsr edilib.

“Dünya ədəbiyyatı”nın bu sayına zəmanəmizin ən məşhur İran ədiblərinin yaradıcılığını əks etdirən roman, pyes, poema, hekayələr, şeirlər daxildir. Mustafa Məsturun “Tanrının ay üzündən öp...” romanı Ariz Tarverdiyevin, Şəhram Kərəminin “Yunis peyğəmbər” pyesi Dilman Şahmərdanlının tərcüməsində verilib. Sadiq Hidayətin, Camal Mirsadiqinin, Əhməd Mahmudun, İbrahim Gülüstanın, Mahmud Dövlətabadinin, Əmin Fəğirinin, Sadiq Çubəkin, Cəlal Ale Əhmədin, Huşəng Gülşirinin, Xosrov Şahaninin, hekayələrini dilimizə Məhəmməd Nuri, Ağabala Mehdiyev, Rəşad Həsənov, Məsiağa Məhəmmədi, Sayman Aruz çeviriblər.

Nima Yuşicin, Firidun Müşirinin, Jalə İsfahaninin, Füruğ Fərruxzadın, Söhrab Sipehrinin, Huşəng İbtihac Sayənin, Əhməd Şamlunun, Mehdi Əxəvani-Salisin, Mənuçöhr Atəşinin, Nüsrət Rəhmaninin, Qeysər Əminpurun, Şəms Ləngərudinin, Simin Behbəhaninin, Xosrov Gülsürxinin, Yədullah Röyayinin poetik əsərləri M.Məhəmmədinin, M.Nurinin və A.Tarverdiyevin tərcüməsində təqdim olunub.

İran ədəbiyyatının bilicilərindən Nüşabə Əlizadənin və M.Məhəmmədinin bu sayda yer verilmiş məqalələri Azərbaycan oxucusunu çağdaş İran nəsri və poeziyasının ümumi mənzərəsi ilə nəzəri rakursdan tanış etmək baxımından xüsusi önəm daşıyır.