İnflyasiya rəsmən 10 faizi ötüb

-

Bu ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,4 faiz bahalaşıb.

Ərzaq məhsullarının qiymətləri 11,9, qeyri-ərzaq məhsullarının qiymətləri 15,3, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4,4 faiz artıb.

Bu haqda Dövlət Statistika Komitəsinin iyunun 8-də yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, mayda aprelə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,1, ərzağın qiyməti isə 0,7 faiz ucuzlaşıb.

Qeyri-ərzaq məhsullarının qiymətlərində 0,3, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində də 0,2 faiz bahalaşma olub.

Ay ərzində düyü, qarabaşaq, toyuq əti, kolbasa məmulatları, yumurta, kərə, zeytun yağlar, şəkər, şəkər tozu, limon, portağal, naringi, banan, alma, armud, yerkökü və çuğundurun qiymətlərində bahalaşma qeydə alınıb.

Makaron məmulatları, mal və qoyun əti, alça, çiyələk, tərəvəz məhsullarının qiymətlərində isə ucuzlaşma olduğu bildirilir.

Statistika Komitəsi digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliyin baş vermədiyini qeyd edir.

Ancaq müstəqil iqtisadçılar Dövlət Statistika Komitəsinin rəqəmlərinə şübhə ilə yanaşırlar. Onlar hesab edirlər ki, keçən ilin birinci rübü ilə bu ilin analoji dövrünü müqayisə edəndə, ən az, 40-50 faiz bahalaşma olub.