Səməd Seyidov: “Ləkə yaxmaq istəyirlər”

►“İnsan haqları qlobal problemdir ”

“Çalışırdılar ki, İnsan haqları üzrə birgə işçi qrupun fəaliyyətinə ləkə yaxsınlar, fəaliyyətini dayandırsınlar. Amma bu, mümkün olan məsələ deyil”.

APA-nın xəbərinə görə, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov İnsan Hüquqları üzrə İşçi Qrupun parlamentdə keçirdiyi dinləmələrdə belə deyib.

O, qeyd edib ki, Azərbaycan hökuməti insan haqları məsələsinə diqqətlə yanaşır, bundan sonra da belə olacaq.

“Azərbaycana qarşı bəzi qüvvələr insan haqları məsələsindən istifadə edərək təzyiqlər etməyə səy göstərirlər. Amma Azərbaycanda aparılan siyasət, qanunun aliliyi onların iddialarını əllərindən alır. Ölkəmizdə insan haqlarının qorunması ilə bağlı mühüm addımlar atılır. Biz kiməsə xoş gəlmək üçün demokratik dəyərlərə qiymət vermirik ”.

Səməd Seyidov vurğulayıb ki, bütün dövlətlər insan hüquqları məsələsini, bu yöndəki problemləri daim təhlil etməli və nəzərə almalıdır.

“Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri də insan haqlarının qorunmasıdır. İnsan Haqlarından - bu ali dəyərdən istifadə edərək dövlətlərə təzyiq edilməməlidir ” - S.Seyidov deyib.

Vətəndaş cəmiyyəti ilə dialoq mühiti?

Dinləmələrdə çıxış edən Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov isə vətəndaş cəmiyyəti ilə dialoq mühitinin olduğunu deyib.

“Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə hökumət arasında dialoq çox yaxşı, səmərəli, açıq-aşkar şəkildə aparılır. İctimai dinləmələrdə, komitələrin iclaslarında, dəyirmi masalarda həmişə qeyri-hökumət təşkilatlarının nümayəndələri fəal iştirak edirlər və onların dəyərli rəyləri nəzərə alınır” - Ç.Əsgərov bildirib.

Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndə vurğulayıb ki, işçi qrupunda müzakirə olunan məsələlər də nəzərə alınır və lazımi qaydada təqdim olunur.

“Prezident İlham Əliyevin son bir neçə əfv barədə qərarlarında məhz bu İşçi Qrupunda müzakirə olunan məsələlər öz əksini tapıb. Buna görə də hesab edirəm ki, işçi qrupunun fəaliyyəti çox səmərəlidir və faydalıdır”.

Müstəqil ekspertlər isə düşünürlər ki, son əfv fərmanı və məhkəmələrin qərarı ilə bəzi siyasi məhbus sayılan şəxslər azadlığa çıxsa da ölkədə insan hüquqları sahəsində sistemli dəyişikliklər baş vermir. Onlar son bir ayda 5 gəncin həbs və inzibati qaydada cəzalanmasını da elə bununla izah edirlər.

İşçi Qrup nə vaxt yaranıb?

İnsan Haqları üzrə İşçi Qrup ilk dəfə 2005-2008-ci illərdə fəaliyyət göstərmişdi. Sonradan onun fəaliyyəti dayanmışdı. Qrup fəaliyyətini birdə ötən ilin oktyabrında prezident İlham Əliyevlə Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın təşəbbüslərindən sonra bərpa etmişdi.

İşçi qrupunun fəaliyyət məqsədi insan hüquqları ilə bağlı məsələlərin dialoq yolu ilə səmərəli şəkildə həll edilməsidir.

Qrupun tərkibinə deputatlar, Prezident Administrasiyasının məsul əməkdaşları və hüquq müdafiəçiləri daxildir. Eyni zamanda orada BMT-nin strukturlarında məşvərətçi statusa malik olan beynəlxalq qeyri-hökumət təşkilatlarının Azərbaycandakı nümayəndələri təmsil olunur.

Avropa Şurasının baş katibi Turbyorn Yaqland da qrupa daxil idi. Ancaq o, bir müddət öncə siyasi məhbus problemi səbəbindən qrupa etimadsızlığını bəyan edib. Bəzi siyasi məhbus sayılan şəxslər isə hətta həbsxanada İnsan Haqları üzrə İşçi Qrupun üzviləri ilə görüşdən imtina ediblər. Onlar qrup üzvilərini hakimiyyətin maraqlarını müdafiə etməkdə və formal fəaliyyət göstərməkdə ittiham ediblər.