Ermənistanın xarici işlər naziri Edvard Nalbandian iyunun 2-də Parisdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.
Bu barədə AzadlıqRadiosunun erməni xidmətinə Ermənistanın xarici işlər nazirliyindən məlumat verilib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bundan əvvəl Azərbaycan-NATO toplantısı çərçivəsində demişdi ki, iyunda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir.
Qeyd edək ki, Minsk qrupuna ABŞ, Rusiya və Fransa həmsədrlik edir.
Aprelin 2-dən 5-dək Dağlıq Qarabağda-qoşunların təmas xəttində baş verən döyüşlərdə hər iki tərəf onlarla itki verib.
Tərəflər aprelin 5-də atəşkəsi yenidən bərpa etsə də vaxtaşırı bir-birini atəşkəsi pozmaqda günahlandırır.