-
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurası bu il Ramazan ayı ilə bağlı fətva yayıb.
Fətvada deyilir ki, Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, ölkə ərazisində Ramazan ayının 1-i Miladi təqvimi ilə iyunun 7-nə təsadüf edir.
Beləliklə, iyunun 7-də İslamın vacib buyurduğu orucluq başlayır.
Fətfada qeyd edilir ki, orucluq bayramı iyulun 6-na düşəcək.
QMİ rəsədxana ilə birgə Azərbaycan ərazisinə uyğun Ramazan ayının təqvimini hazırlayıb.
Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.
QMİ Qazılar Şurası və Elmi-Dini Şurası din xadimlərinə xəbərdarlıq edir: «Ramazan ayı ərzində iftardan öncə açılan süfrələrdə iştirak etmək şəriətə görə, böyük günahdır. Bu xəbərdarlığı nəzərə almayan din xadimləri barəsində ciddi tədbirlər görüləcək».
Oruc tutan insanlar iftara qədər yemək və su qəbul edə bilməzlər. Həmin müddətdə siqaret çəkmək, cinsi əlaqədə olmaq yasaqdır. Oruc tutan insanın yalan danışması, rüşvət alması, başqasının haqqını tapdalaması da İslam qaydalarına görə, xüsusilə günah sayılır.