Helsinki Komissiyasından Xədicə bəyanatı

Xədicə İsmayıl azadlıqda

-

ABŞ-ın Helsinki Komissiyası AzadlıqRadiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayılın şərti cəzayla azadlığa buraxılmasını alqışlayan bəyanat verib.

Komissiyanın sədri Chris Smith və həmsədri Roger Wicker adından yayılan bəyanatda deyilir:

“Azərbaycan hökumətini jurnalistə qarşı bütün ittihamları ləğv etməyə və AzadlıqRadiosunun Bakı bürosunu açmağa çağırırıq. Xədicənin işi Azərbaycanda məhkəmə sistemindən müstəqil səslərin cəzalandırılması məqsədilə istifadə olunan ilk hal deyil. Müxalifət lideri İlqar Məmmədov və digərləri insan haqları, hüququn aliliyi və demokratiyanı təbliğ etdikləri üçün həbsdədir. Onların cəsarətini alqışlayır və Azərbaycan hökumətini bir daha ATƏT öhdəliklərinə əməl etməyə, siyasi müxalifətə, jurnalistlərə və dini azlıqlara qarşı repressiyaya son qoymağa çağırırıq”.

Chris Smith Azərbaycan demokratiya aktının müəllifidir. Bu layihənin hazırlanmasında məqsəd Azərbaycan hökumətinin müstəqil jurnalistlərin, müxalifətçilərin və vətəndaş cəmiyyəti qruplarının səslərini susdurmağa yönəlik sistematik səylərə diqqət çəkməkdir.