E.Məmmədyarov NATO-da çıxış edəcək

Elmar Məmmədyarov

-

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Belçikaya səfər edəcək. Bu haqda Xarici İşlər Nazirliyinin saytı xəbər verir.

Xəbərdə bildirilir ki, E. Məmmədyarov mayın 20-də NATO-nun Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin Xarici İşlər Nazirlərinin Brüsseldə keçiriləcək iclasında iştirak edəcək.

Sözügedən iclasda nazirin çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

E. Məmmədyarov mayın 18-dən Fransaya işgüzar səfərdə idi. O, səfər çərçivəsində fransalı həmkarı Jan-Mark Ayrolt və Avropa məsələləri üzrə dövlət naziri Harlem Desir ilə görüşmüşdü.

1994-cü ildən başlayaraq Azərbaycan - NATO ilə əməkdaşlığa başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaqdan ötrü rəsmi müraciət edib. 2005-ci ilin oktyabr ayında prezident İlham Əliyev Azərbaycan Respublikasının NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.

Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvilük məsələsi qoyulmayıb.

Müxalifət hesab edir ki, hakimiyyətin NATO ilə əməkdaşlığa sərhəd qoyması iki amillə bağlıdır. Bir tərəfdən hakimiyyət Rusiyanı qıcıqlandırmaq istəmir, ikinci tərəfdən isə islahatlardan çəkinir.