MSK: İlqar Məmmədov namizəd ola bilməz

Ilqar Məmmədov

►Mərkəzi Seçki Komissiyası yekun qərarını verib

Mayın 19-da Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyasının Real Hərəkatının rəhbəri İlqar Məmmədovu təkrar seçkilərə buraxmayan qərarını ləğv edib.

Ancaq bununla belə, ali seçki qurumu həm də rəy verib ki, hərəkat rəhbərinin deputatlığa namizədliyi mümkün deyil.

Bu haqda siyasətçinin səlahiyyətli nümayəndəsi Natiq Cəfərli məlumat verib. Qərar MSK-nın toplantısında qəbul olunub.

MSK-nın toplantısında bildirilib ki, dairə seçki komissiyası İlqar Məmmədovun namizədliyinin qeydə alınmasından imtina edərkən Real hərəkatı rəhbərinin təqdim etdiyi imza vərəqələrinin boş olmasına söykənib. Bu isə imtina ilə bağlı dolğun qərar verilməsində yetərli deyil. MSK bu səbəbdən dairə komissiyasının qərarını ləğv edib.

MSK həmçinin, Seçki Məcəlləsinin barəsində həbs qərarı olan şəxslərin seçkidə iştirak edə bilməməsini nəzərdə tutan müddəasına istinad edərək İlqar Məmmədovun namizədliyinin rədd edilməsinə qərar verib.

90 saylı Ağdaş seçki dairəsi üzrə keçiriləcək təkrar parlament seçkilərinə qatılmaq istəyən İlqar Məmmədovun nümayəndələrinə əvvəlcə, imza vərəqələri verilmişdi. Bu proses sonradan dayandırılmışdı.

90 saylı Ağdaş Seçi Dairəsində təkrar parlament seçkisi iyunun 18-də keçiriləcək.

Mərkəzi Seçki Komissiyasından bildirdilər ki, artıq İlqar Məmmədov Milli Məclisə seçilmək hüququnu itirib. MSK-da media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bu mövqeyi belə əsaslandırmışdı:

«Buna qədər İlqar Məmmədovun passiv seçki hüququ olub. Aprelin 29-da Şəki Apellyasiya Məhkəməsində İlqar Məmmədov barəsində hökm qüvvəyə minib. Seçki Məcəlləsinin 13.3.1-ci maddəsinin tələbinə əsasən, İlqar Məmmədov bununla da passiv seçki hüququnu itirib».

İlqar Məmmədov buna görə, məhkəməyə müraciət edərək, namizədliyinin ilkin qeydiyyatının ləğvinin qanunsuz hesab olunmasını tələb etmişdi. Bakı Apellyasiya Məhkəməsi mayın 12-də həmin şikayəti rədd etmişdi.

2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunan İ.Məmmədov 7 il azadlıqdan məhrum edilib.

2015-ci ilin əvvəlində Avropa İnsan Haqları Məhkəməsi İ.Məmmədovun buraxılması barədə qərar çıxarıb. AŞ Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işinə Şəki Apellyasiya Məhkəməsində təkrar baxılıb. Məhkəmə aprelin 29-da siyasətçi barəsində hökmü qüvvədə saxlayıb.