Ramil Usubov 396 nəfəri seçib

►Polisə işləmək istəyənlərin seçimi davam edir

Daxili işlər naziri Ramil Usubov polisə işləmək istəyənlərin arasından yenə seçim edib.

Nazirliyin saytı xəbər verir ki, seçim “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi haqqında” prezident fərmanının icrası çərçivəsində Gəncə və Qəbələ şəhərlərində aparılıb.

Nazir mayın 16-da Gəncə və ətraf rayonlardan, 17-də isə şimal-qərb bölgəsindən seçim edib.

Mətbuat xidməti bildirir ki, seçimə ümumilikdə 1000 nəfər qatılıb. Nazir onların arasından 120 nəfəri polis və Daxili Qoşunlarda xidmətə, 276 nəfəri isə mülki işçi vəzifələrinə namizəd kimi seçib.

Seçilənlərin sənədlərinin hazırlanmasından ötrü müvafiq qurumların rəhbərlərinə göstərişlər verilib.

Prezident İlham Əliyev martın 3-də ictimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə fərman imzalamışdı. Həmin fərmana görə, polis orqanları ilə əməkdaşlıq edən şəxslərə DİN-in mülki işçilərinə aid təminatlar şamil ediləcək.

Polis orqanları ilə vətəndaşların əməkdaşlığının müxtəlif formaları müəyyən edilib. Onlar birlikdə ictimai asayişin qorunması ilə bağlı hüquqa zidd əməllərə son qoyulması ilə bağlı vətəndaşlara və vəzifəli şəxslərə qarşı tələb irəli sürə biləcəklər.

Sözügedən fərman müxalif düşüncəli ictimai fiqurların narahatlığı ilə qarşılanıb. Onlar düşünürlər ki, hakimiyyət polisin işinə cəlb edilən yeni qüvvələrdən azadlıqların boğulmasında istifadə edə bilər.

Nazir sonuncu dəfə aprelin 23-də Bakıda polisə 400, mülki vəzifələrə isə 120 nəfər seçmişdi.

O, daha əvvəl isə martın 16-sı və aprelin 15-də polisə işləmək istəyənlərdən ümumilikdə 304 mülkü şəxsi namizəd kimi müəyyən etmişdi.