Menyu olmasa, restoran cərimələnəcək

-

Azərbaycanda müştərilərinə menyu təqdim etməyən restoranları böyük cərimələr gözləyir. Martda qüvvəyə minən yeni İnzibati Xətalar Məcəlləsinin 445-ci maddəsi bu məsələni tənzimləyir.

Həmin maddə satışda olam malların üzərində qiymətinin göstərilməməsinə, qiymət cədvəllərinin (menyuların) olmamasına və ya düzgün tərtib edilməməsinə görə, səkkiz yüz manatdan min manatadək cərimə nəzərdə tutur.

İqtisadiyyat Nazirliyi də menyu təqdim edilməməsi ilə bağlı tədbirlərin görüləcəyini açıqlayıb. Nazirlikdən Fins.az-a deyiblər ki, menyu təqdim edilməməsi, satış obyektlərində qiymətlərin göstərilməməsi halları ilə rastlaşan vətəndaşlar onlara müraciət etməlidirlər.

Azərbaycan restoranlarında müştərilərə menyunun təqdim edilməməsi və qiymətlərin şifahi olaraq sadalanması ənənəvi problemlərdən sayılır. Ekspertlərin fikrincə, türk restoran şəbəkələrinin Azərbaycana gəlməsi bu sahədə vəziyyət xeyli dəyişsə də problem kökündən çözülməyib.

Bu il ən müxtəlif sahələrdə cərimələrin artırılması ilə bağlı həm İnzibati Xətalar Məcəlləsinə, həm də Cinayət Məcəlləsinə çoxsaylı dəyişiklik edilib.

Müxalifət bu dəyişikliklərdən bir çoxunu neftin qiymətinin düşməsindən sonra hökumətin büdcəni doldurmaq təşəbbüsü kimi dəyərləndirib.