Şərq-Qərb dəhlizinin 20 illiyi keçirildi

Bakı-Supsa

-

Mayın 16-da Tbilisidə Şərq-Qərb enerji dəhlizinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycanı baş naziri Artur Rasizadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

AZƏRTAC-ın xəbərinə görə, tədbirdə çıxış edənlərdən Gürcüstanın baş nazirinin müavini Kaxa Kaladze Şərq-Qərb enerji dəhlizinin əhəmiyyətindən danışıb.

Bakı-Supsa kəmərinin təməlinin qoyulması ilə regionda yeni eranın başlandığını bildirən K.Kaladze belə layihələrin Cənubi Qafqazda sülh və təhlükəsizliyin qarantı olduğunu ifadə edib.

«Şərq-Qərb» enerji dəhlizinin əsası Bakı-Supsa neft ixrac kəməri ilə qoyulub. 1996-cı il martın 8-də Azərbaycan və Gürcüstan arasında ilkin neftin nəqlinə dair hökumətlərarası saziş imzalanıb. Bununla da Bakı-Supsa neft ixrac kəməri layihəsinə start verilib.

Uzunluğu 830 kilometr, layihə gücü ildə 5.1 milyon ton olan bu kəmərin istismara buraxılması ilə Şərqlə Qərbi birləşdirən enerji dəhlizinin təməli qoyulub.

1999-cu il aprelin 17-də kəmərin açılış mərasimi keçirilib. Bakı-Supsa Azərbaycan neftini dünya bazarına müstəqil marşrutla çıxaran və enerji təhlükəsizliyinə beynəlxalq dəstəyi təmin edən ilk kəmərdir.

Həmin vaxtdan bu kəmərlə 76.3 milyon ton neft nəql olunduğu bildirilir.