Z.Əlizadə: “Vyanadan nəticə gözləmirəm”

Zərdüşt Əlizadə

►“Bu vasitəçilər göstərirlər ki, çalışırlar və problemi həll etmək istəyirlər”.

Politoloq Zərdüşt Əlizadə Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada gözlənilən görüşünü belə şərh edib.

Z. Əlizadənin fikrincə, XX əsrin 90-cı illərində münaqişəni tənzimləmə cəhdləri olub: “Amma məlum olanda kı, tərəflər şərtləri qəbul etmir, o zamandan proses “yerində sayır”. Hər hansı tənzimləmədən söhbət belə gedə bilməz”.
Politoloq deyir ki, sadəcə həmsədrlər, onların səlahiyyətli nümayəndələri münaqişə tərəflərinin ərazilərinə səfərlər ediblər, hansısa təklifləri veriblər.

Z. Əlizadə qeyd edir ki problemin həll edilməməsi Ermənistanla bağlıdır. “Daha doğrusu Ermənistandan daha çox, onun ağası Rusiyaya bağlı məsələdir. Ermənistan bu məsələdə hər hansı şəkildə qərar qəbul etmək gücündə deyil. Çünki, qərarı Rusiya qəbul edir. Rusiyanın mövqeyi isə uzaqdan belə aydın görünür: Rusiya münaqişənin dondurulmuş şəkildə qalmasını istəyir ”.

Z . Əlizadə qeyd edir ki, Azərbaycan tərəfi danışıqların hər hansı nəticəyə verməyəcəyini yaxış bilir: “Bu məsələ ilə bağlı kifayət qədər danışılıb. Bundan sonra davam etməsi mənasızdır. Bu durumda yeganə yol güc amilinə qalır, onun üçün də orduya hücum əmri verilməlidir. Həmin əmr verilmir. Yəni, vəziyyət belədir”.

Qarabağ danışıqları ATƏT-in Minsk Qrupun vasitəsilə aparılır. Bu qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

Qrupa Rusiya, Fransa və ABŞ həmsədrlik edir.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon ( Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi imzalanıb. Ancaq sülh razılaşması əldə edilməyib.