Fuad Qəhrəmanlı həbsdə qaldı

-

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlını azadlığa buraxmayıb.

Mayın 10-da keçirilən məhkəmə prosesində siyasətçi barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması qərarı qüvvədə saxlanıb.

Bu haqda Azadliq Radiosuna siyasətçinin vəkili Fəxrəddin Mehdiyev bilgi verib.

F.Qəhrəmanlının vəkilləri Nəsimi Məhkəməsinin onun həbs müddətini artıran qərarından apellyasiya şikayəti vermişdilər. Hakim Mirzəli Abbasov apellyasiya şikayətini əsaslı hesab etmədiyindən rayon məhkəməsinin qərarını dəyişdirməyib.

Siyasətçinin vəkili iş üzrə hüquqi prosedurların davam etdiriləcəyini deyib.

Fuad Qəhrəmanlı facebook səhifəsində yazdığı statuslara görə, ötən il dekabrın 8-də həbs olunub. Həmin statuslara görə, ona qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb.

Fuad Qəhrəmanlı ittihamları qəbul etmir və siyasi sifarişlə həbs olunduğunu bildirir.