AZAL-ın özəlləşdirilməsindən danışılır

-

Telekommunikasiya və hava yolları sektorlarında islahatlar, bu sahələrdə mövcud müəssisələrin özəlləşdirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin qarşısında duran mühüm vəzifələrdəndir.

Bu barədə Komitənin “Mülkiyyət” qəzeti xəbər verir.

Qəzetdə yazılanlara görə, qarşıdakı illərdə iri müəssisələrin özəlləşdirilməsi tempi daha da sürətləndiriləcək. Həmçinin, iri dövlət şirkətlərinin restrukturizasiyası, inhisarsızlaşdırılması və sağlamlaşdırılması sahəsində işlər həyata keçiriləcək.

Restrukturizasiya kreditin və ya onun verilmə şərtlərinin dəyişdirilməsi anlamına gəlir.

İndiyədək 50 minə yaxın dövlət müəssisə və obyekti özəlləşdirilib. Orta və iri dövlət müəssisələrinin bazasında 1600-ə yaxın səhmdar cəmiyyəti yaradılıb və sonradan özəlləşdirilib.

Bu prosesdə 100-ə yaxın dövlət müəssisə və obyekti investisiya müsabiqələri vasitəsilə özəlləşdirilib. Bu müəssisələrə 550 milyon dollar məbləğində investisiya qoyulub.

Dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 600 milyonmanat daxil olub.

Nazirlər Kabinetinin ötən ilin yekunu ilə bağlı toplantısında dövlət başçısı bəzi sahələrin özəlləşdirilməsi məsələsini gündəliyə gətirmişdi.

Ancaq aradan keçən bu 4 ay ərzində, hələ ki, hər hansı iri dövlət müəssisəsinin özəlləşdirilməsi həyata keçirilməyib.

Azərbaycanda 1996-ci ildən özəlləşdirmə siyasətinə qədəm qoyulub. Bundan bir il sonra çeklərin paylanmasına başlanıb.