Seymur Həzi təşəkkür etdi

Seymur Həzi

-

“Azadlıq” qəzetinin həbsdə olan əməkdaşı Seymur Həzi onu Gerd Butserius mükafatına təltif edən beynəlxalq təşkilatlara təşəkkürünü bildirib.

O, həbsxanadan göndərdiyi müraciətində yazır:

“Bu mükafat amfiteatrda həyat üçün döyüşən döyüşçüyə “həyat” deyə yüksələn alqışdır. Bu döyüşçü bu gün dünyanın hər yerində ölüm-dirim savaşı verən “azad söz”dür. Bu mükafat təkcə azad sözə, onun fədailərinə dəstək deyil, həm də dünyamızın gələcək taleyinə məsuliyyətlə yanaşmanın ifadəsidir. Xüsusilə, mənim adımın qabardılmasında rolu olan hər kəsə təşəkkür edirəm. Qoy, uşaqlar müharibə görməsin, azad düçüncə ölümə və zindana səbəb olmasın” - deyə Seymur Həzi yazır.

Ötən həftə Almaniyanın ZEIT-Stiftung Fondu və Norveç Fritt Ord Fondu 2016-cı ildə Gerd Butserius adına mükafatın laureatlarını açıqlayıb. Müstəqil Münsiflər Heyəti qalibləri seçib.

Laureatlar arasında “Azadlıq” qəzetinin şərhçisi və Avropadan yayımlanan “Azərbaycan saatı” teleproqramının aparıcısı Seymur Həzi də olub.

Abşeron rayon məhkəməsi 2015-ci ilin yanvarında Seymur Həzini xuliqanlıqda ittiham edərək 5 il azadlıqdan məhrum edib. O ittihamları qəbul etmir.