Azərbaycanda Dağıstan mədəniyyəti günləri keçiriləcək

«Ləzginka» ansamblı

-

Azərbaycanda Dağıstan mədəniyyəti günləri olacaq.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, bu qurumun təşkilatçılığı ilə mayın 12-dən 13-dək Azərbaycanda ilk dəfə Rusiya Federasiyasının Dağıstan Respublikasının mədəniyyət günləri keçiriləcək.

Mədəniyyət günlərinin açılış mərasimi mayın 12-də saat 19:00-da Heydər Əliyev Sarayında baş tutacaq.

Tədbirdə Dağıstan incəsənət ustalarının iştirakı ilə konsert proqramı və sarayın foyesində «Dağıstan: tarix və müasirlik» adlı dekorativ-tətbiqi sənət sərgisi təqdim ediləcək.

Konsert proqramında məşhur «Ləzginka» Akademik Rəqs Ansamblı, «Xasavyurt» Dövlət Rəqs Ansamblı və solistlərin iştirakı nəzərdə tutulur.

Dağıstanda fəaliyyət göstərən teatr kollektivləri Xaçmaz, Balakən, Zaqatala, Qusar rayonlarında tamaşalar nümayiş etdirəcəklər.

Dağıstan mədəniyyəti günlərinin keçirilməsi qarşılıqlı mədəni əməkdaşlığın inkişafı, xalqların bir-birini daha yaxından tanıması məqsədi daşıyır.